mənim şəxsi bloqum

вторник, 3 ноября 2009 г.

Dünyanı dəyişdirmək istəyirsənmi?



Bəzi insanlar dayanmadan düzəldir, kəşf edir, dünyanı yerindən oynadacaq ideyalar həyata keçirir. Belə insanlar kainatda daim dəyişikliklər etməyin tərəfdarı olurlar. Ancaq bu o demək deyil ki, bu xüsusiyyət təkcə onlara aiddir. Sizlərdən hər biriniz dünyada baş verən dəyişikliyin müəllifi ola bilərsiniz. Ancaq necə?

Mahatma Qandi, dünyada görmək istədiyimiz dəyişikliyin özümüz tərəfindən həyata keçirməyin mümkünlüyünə və vacibliyinə inanırdı. O, Hindistanın müstəqilliyini qazanmasına yardım edərək bu görüşünü hər kəsə sübut etdi. Qandi, çevriliş adamı idi; ancaq Hindistanın bir millət olaraq yenidən doğulmasına çevriliş etmədən nail oldu. Əslində, burada heç şiddət də lazım olmadı. Dünyanın ən güclü ölkələrindən biri, tək bir insanın sözünə və milyonların röyasına təslim oldu.

Bəs biz necə dəyişiklik edə bilərik? Dünyada fərqli  etmək istədiyimiz şey nədir?

Qandi bu cür deyirdi: “Dünyanı kübarcasına sarsıda bilərsən”. Bunu necə edə biləcəyinizi düşünməyinizə yardımçı olacaq bir neçə nöqtə isə budur:

1)    Tarixdəki bütün önəmli dəyişikliklərin, millətlər, ordular, hökumətlər və komitələr tərəfindən həyata keçirilmədiyini bilməlisiniz. Çünki bütün bunlar, vahidlərin cəsarəti nəticəsində meydana gəlib. Buna misal olaraq, Janna d-Ark, Albert Eynşteyn, Klara Barton, Abraham Linkoln, Tomas Edison və Roza Parks kimi insanları göstərmək olar. Onlar bəlkə də təkbaşına uğur əldə edə bilməzdilər, ancaq heç şübhəsiz dəyişikliyin yaradıcısı oldular.

2)Dünyada bənzərsiz bir məqsədiniz və potensialınızın olduğuna inanın. Bu, yaradılmaqdan çox, kəşf ediləcək bir şeydir. Onu kəşf etmək sizin öhdənizə düşür. Fərq yaratmaq mövzusunda istedadlı və qərarlı olmağınıza inanın.

3)Etdiyiniz hər şeyin, atdığınız hər addımın, yazdığınız hər cümlənin, söylədiyiniz və ya söyləmədiyiniz hər sözün önəmli olduğunu bilin. Heç nə önəmsiz deyildir. Dünya böyük ola bilər; ancaq kiçik bir şey də yoxdur. Hər şeyin xüsusi bir önəmi var.

4)Dünyada görmək istədiyiniz dəyişikliyin özü olmaq üçün yüksək səslə danışmağa ehtiyac yoxdur. Heç təsirli çıxış etməyiniz də lazım deyil. Seçilməyiniz də vacib deyil. Hətta özəlliklə zəka və ya yaxşı təhsilli olmağınıza da lüzum yoxdur. Sadəcə özünüzü o işə həsr etməyiniz kifayətdir.

5) Şəxsi məsuliyyəti öz üzərinizə götürün. Əsla “ Bu mənim işim deyil”, deyə düşünməyin. “Mən tək nə edə bilərəm?” demək, problemdən qaçmaqdır. Heç kəslə əməkdaşlıq etməyə və ya dəyişiklik etmək üçün hər hansı birindən icazə almağa ehtiyacınız yoxdur. Bu dəyərli sözü xatırlayın: “Olacaqsa, bu mənə bağlıdır.”

6) “İşlərin necə olacağı” fikri üzərində çox dayanmayın. Nəyi, nə üçün dəyişdirmək istədiyinizi  tam olaraq bilirsinizsə, onun necə olacağı öz axarı ilə ardınca gələcək . Qeyd edək ki, bir çox önəmli iş məhz bu fikir üzərində çox dayanmaqdan yarıda qalıb. Çünki hər dəfə biri, məsələni həll edən zaman qərar verməyə tərəddüd edib.

7) Başlamaq üçün hər şeyin doğru olmasını gözləməyin. Dəyişiklik  dağınıqdır. İşlər əsla tam doğru ola bilməz. Teodor Ruzveltin ötən əsrin birinci yarısında söylədiyi öyüdü dinləyin: “Olduğunuz yerdə, əlinizdəki ilə, edə biləcəyinizi edin.”

8) Dəyişikliyin kökü hər hansı bir şeyin fərqində olmaqdır. Varlığını qəbul etmədiyimiz bir şeyi dəyişə bilmərik. Çox vaxt, nəyin yalnış olduğunun və ya işə yaramadığının fərqində olmarıq. Nə baş verəcəyini görmərik. Daha çox fərqində olaraq, onun dəyişməyə başlamasına nail olarıq.

9) Dünyanın ən ağıllı dəyişiklik dahilərindən olan Albert Eynşteynin bu sözlərini yaxşı yadda saxlayın: “Mənalı və uzun müddətli dəyişiklik, öncə xəyallarınızda canlanar; sonra öz yolunu tapar. Xəyal etmək, informasiyadan daha önəmlidir.”

10) Ətrafınızdakı şeylərin dəyişməsi üçün, öncə özünüzün dəyişməyi lazımdır. Başqalarını dəyişə bilmərik; yalnız özümüzü dəyişə bilərik. Dəyişdirdiyimiz zaman bu, hər şeyi dəyişdirər.Və bu şəkildə, dünyada görmək istədiyimiz dəyişikliyin özü ola bilərik.

Vestminster abbatlığında bir ingilis kilsəsinin yepiskopunun məzar daşında bunlar yazılıb: “Gənc və sərbəst ikən və xəyallarım sərhəd tanımazkən, dünyanı dəyişdirməyi düşünərdim.Yaşa dolduqca və ağıllandıqca, dünyanın dəyişməyəcəyini dərk etdim. Buna görə də, fikirlərimi, dünyagörüşümü bir az daraldaraq, yalnızca ölkəmi dəyişdirməyə qərar verdim. Ancaq bu da dəyişməz göründü. Ahıl yaşlarıma yaxınlaşdığımda, son, ümidsiz düşüncə ilə, yalnız ailəmi, yəni mənə ən yaxın olan insanları, dəyişdirməyə razı oldum; ancaq heyf ki, heç biri dəyişmədi. Və indi, ölüm ayağında olarkən, birdən bunu hiss etdim: Ən başında yalnız özümü dəyişdirsəydim, o zaman, ailəmi dəyişdirərdim. Onlardan aldığım ilham və cəsarət ilə, ölkəmi daha yaxşı bir vəziyyətə gətirə bilərdim. Və kim bilir, bəlkə dünyanı belə dəyişdirə bilərdim”.

Yuxarıdakı siyahı, Qandinin inancından qaynaqlanaraq yaradıldığı üçün, yazını onun digər bir sözü ilə bitirmək daha məqsədəuyğundur: “Bilərək və ya bilməyərək, hər birimiz bir xidmət göstəririk. Bu xidməti bilikli bir tərzdə etmək vərdişinə alışsaq, ona olan bağlılığımız zamanla güclənəcək. Beləcə, yalnız özümüzü deyil, bütün dünyanı xoşbəxt edə bilərik”. 


Mənbə Marketinq jurnalı

1 комментарий: